Məkan məlumatları infrastrukturu

İnformasiya cəmiyyətinin bərqərar olmasında əsas tələblərdən biri geoinformatika sahəsinin inkişafı, coğrafi informasiya sistemləri (CİS) texnologiyalarının geniş tətbiqi, bir sözlə, milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişaf etdirilməsidir. Hal-hazırda Azərbaycanda bu sahənin inkişafı ilə əlaqədar mühüm işlər aparılır və müxtəlif layihələr həyata keçirilir. Yer üzərində dəqiq ölçmələrin aparılması, infrastrukturun layihələndirilməsi üçün müxtəlif proqram təminatlarının yaratdığı imkanlardan geniş istifadə olunur.

Geoinformasiya sistemləri və məhsullarının istehsalı üzrə məşhur olan ABŞ-ın ESRI şirkətinin ArcGIS və onun tərkib hissələri (ArcMap, ArcScene, ArcCatalog, ArcGlobe, Arcgis for Server, ArcGİS Online) olan 3D Analyst, Geostatistical Analyst, Spatial Analyst, Network Analyst və s. modullarının sonsuz imkanlarından istifadə etməklə geodeziya-topoqrafiya, xəritəçəkmə, çoxsahəli kadastr sistemlərini yaradılması və idarə edilməsi, şəhər və ərazi planlaşdırılması, layihələndirmə, təbii ehtiyyatların və ətraf-mühitin mühafizəsi və idarə edilməsi , böhran vəziyyətlərinin idarə edilməsi, biznes planlaşdırılması, rentabelliliyin artırılması və s. kimi həlli vacib olan məsələlərə tətbiq olunur.

ArcGIS-müxtəlif növ tematik xəritələrin, proqram təminatları modellərinin, web-brauzerlərin çox asanlıqla yaradılması və publikasiyası, digər sistemlərə integrasiya, coğrafi məlumatların idarə edilməsi, analizi, monitorinq, planlaşdırma və düzgün qərarların qəbul edilməsi və s. məqsədlər üçün dünya miqyasında geniş istifadə edilir.